Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan
Oftalmoloqlar Cəmiyyətinin (AOC) birgə təşəbbüsü ilə əməkdar elm xadimi, prof. Zəhra Quliyevanın
xatirəsinə həsr olunmuş Azərbaycan Gənc Oftalmoloqlarının XVII konfransı və Azərbaycan Gənc
Oftalmoloqlarının III Forumu keçirilib.
Tədbirdə mərkəzdən, digər tibb müəssisələrindən və Avropa Oftalmologiya Cəmiyyətindən mütəxəssislər
iştirak edib.
Builki forumun əsas məqsədi süni intellektin müasir oftalmologiyada tətbiq imkanlarını gənc mütəxəssislərin
diqqətinə çatdırmaq, klinik praktikada və elmi tədqiqatlarda bu texnologiyaların rolunu müzakirə etmək,
eləcə də gənc oftalmoloqların peşəkar inkişafında innovativ yanaşmaların əhəmiyyətini vurğulamaq olub.
AOC Gənc Oftalmoloqlar Komitəsinin sədri, t.ü.f.d. Mirana Mirişova açılış nitqi ilə çıxış edərək bu tədbirin
ölkəmizdə gənc oftalmoloqların formalaşmasında, onların beynəlxalq elmi mühitə inteqrasiyasında mühüm rol
oynayacağına inandığını qeyd edib.
Daha sonra əməkdar elm xadimi, prof. Zəhra xanım Quliyevanın xatirəsinə həsr olunmuş filmin nümayiş olunub.
Konfransda çıxış edən AOC Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Emin Əlihüseynli komitənin təsis
edilməsi, gənclərin komitənin işinə cəlb edilməsi barədə iştirakçılara məlumat verib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar
Cəmiyyətinin sədri, prof. Elmar Qasımov çıxış edərək gənc oftalmoloqların beynəlxalq standartlara uyğun
bilik və bacarıqlara malik mütəxəssislər kimi formalaşması, onların elmi və klinik təcrübəsinin zənginləşdirilməsi,
yeni nəsil həkimlərin inkişafına şərait yaradılması bu istiqamətdə aparılan fəaliyyətin əsas prioritetlərindən biri
olduğunu qeyd edib.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, t.e.d. Yazgül Abdıyeva da konfransın açılışında çıxış edib.
Y. Abdıyeva konfransın və formun əhəmiyyətinindən, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyətindən,
həmçinin prof. Zəhra Quliyevanın uzun illər ərzində həm elmi, həm də klinik fəaliyyəti ilə oftalmologiyanın
müxtəlif sahələrinin inkişafına verdiyi mühüm töhfələrdən bəhs edib.
Həmçinin Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev, həmçinin
kafedranın dosenti Səriyə Quliyeva professor Zəhra Quliyevanın həyatı, zəngin elmi irsindən bəhs ediblər.
Daha sonra Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü Ceyhun Nəzərliyə “Gənc
Oftalmoloqların Dostu” fəxri adının kuboku və diplomu təqdim edilib.
Çıxışçılar tərəfindən konfransda oftalmologiyanın müasir problemləri, innovativ cərrahi və diaqnostik metodlar,
süni intellektin göz xəstəliklərinin diaqnostikasında tətbiqi, müxtəlif klinik hallar və digər aktual mövzular
məruzə edilib.
Forum çərçivəsində süni intellekt əsaslı diaqnostik alətlər, klinik qərarvermə dəstəyi sistemləri,
teleoftalmologiya, eləcə də etik və hüquqi məsələlər ətrafında panel müzakirələr və interaktiv sessiyalar keçirilib.
Bu il konfrans çərçivəsində ilk dəfə olaraq “Gənc Retina Mütəxəssislərinin Klubu” təşkil olunub.