22 aprel 2026-cı il tarixində Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Xatirə Muzeyinə ziyarət təşkil olundu.
Tədbirdə Mərkəzin baş həkimi, t.ü.f.d. Aygün Məmmədbəyli, t.ü.f.d. Nübar Həşimova və poliklinikanın müdiri t.ü.f.d. Bənövşə Hacıyeva muzeyi qonaqlara təqdim etdilər.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının əməkdaşları, səhiyyə müəssisələrinin rəhbərləri, gənc həkimlər və rayon ictimaiyyəti iştirak etdilər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Aygün Məmmədbəyli qonaqları salamlayaraq akademik Zərifə xanım Əliyevanın milli oftalmologiyanın inkişafındakı misilsiz xidmətlərindən, Azərbaycan oftalmologiya elmini yüksək səviyyəyə qaldırmasından və beynəlxalq aləmdə tanıtdırmasından bəhs etdi. O, həmçinin qeyd etdi ki, Azərbaycanda oftalmologiya məktəbinin ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Görkəmli alim respublikada yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmiş, gənc alim və həkim-oftalmoloqlar nəslinin formalaşmasında mühüm rol oynamışdır.
Tədbir iştirakçıları Mərkəzdə fəaliyyət göstərən, alimin həyat və yaradıcılığını əks etdirən Xatirə Muzeyini ziyarət etdilər. Mərkəzin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Nübar Həşimova muzey haqqında ətraflı məlumat verərək, akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi və insanlara bəxş etdiyi dəyərlərdən danışdı.
Daha sonra görkəmli alimin xatirəsinə həsr olunmuş film nümayiş etdirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Mərkəzin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.