5–7 sentyabr 2025-ci il tarixlərində Nyu-Dehlidə Hindistan Gənc Oftalmoloqlar Cəmiyyətinin (YOSICON 2025) II İllik Konfransı keçirilib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin vitreoretinal cərrahı Dr. İnarə Hacı tədbirdə “Outcomes of treatment and medical care provided to patients admitted to National Ophthalmology Center named after academician Zarifa Aliyeva with post-injection endophthilmitis” mövzusunda məruzə edərək yerli klinik təcrübələri paylaşdı və Azərbaycanın oftalmologiya sahəsində yüksək peşəkarlığa sadiqliyini önə çəkdi.
Konfransda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Gənc Oftalmoloqlar Cəmiyyətinin üzvləri – Dr. Lalə Məmmədova, Dr. İnarə Hacı, Dr. Ayan Qəlbinur, Dr. Türkan Sultanlı və Dr. Səbinə Quliyeva spiker, panelist və münsif qismində çıxış ediblər. Onların fəallığı Azərbaycanın beynəlxalq oftalmologiya sahəsində mövqeyini daha da möhkəmləndirib.
Konfrans çərçivəsində:
• Dr. Lalə Məmmədova – TCOD GO sədri, Avropa Oftalmologiya Cəmiyyəti Gənc Oftalmoloqlar Komitəsinin idarə heyətinin üzvü, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvü və Gənc Oftalmoloqlar Komitəsinin katibi – “Beynəlxalq Lider Gənc Oftalmoloq” mükafatı ilə təltif olundu.
• Dr. Türkan Sultanlı - Gənc Oftalmoloqlar Komitəsinin idarə heyət üzvü – “YOSI Azerbaijan Ambassador” mükafatına layiq görüldü.
• Həmçinin TCOD GO nümayəndə heyətinə və Azərbaycan gənc oftalmoloqlarına xüsusi fərqlənmə medalları təqdim edildi.
Azərbaycanlı oftalmoloqlar beynəlxalq tədbirlərdə bilik və təcrübələrini bölüşməklə, ölkəmizin elmi nüfuzunu artırır, dünya səhiyyə məkanında əməkdaşlığın və inkişafın genişlənməsinə töhfə verirlər.