07.10.2023

Akademik Zərifə Əliyevanın 100 illiyinə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 15 illiyinə həsr olunmuş konfrans keçirildi.


7 oktyabr 2023-cü il tarixində Masallı rayonunda Akademik Zərifə Əliyevanın 100 illiyinə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 15 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin “Azərbaycanın Regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI Regional konfransı keçirildi.
Konfransın keçirilməsində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, nəaliyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaq idi.
Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Prof. Elmar Qasımov açdı.
Prof. Elmar Qasımov konfransın keçirilmə məqsədindən, Masallı filialının 15 il ərzindəki fəaliyyətindən, əhaliyə yüksək xidmətindən bəhs edərək oftalmologiyanın regionlarımızda durmadan artan inkişafını və gələcəkdə daha da irəli getməsi ilə bağlı görüləcək işlərdən söz açdı. Həmçinin yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına hər zaman dəstəyini davam etdirəcəyini bildirib.
Eyni zamanda, prof. Elmar Qasımov tərəfindən “Əhalinin sağlamlığının qorunması” sahəsində ixtisaslaşmış, oftalmoloji fəaliyyətdə yüksək nəaliyyətlər qazanmış və səhiyyə sistemində 15 illik səmərəli xidmətlərinə görə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı Filialı fəxri diplom ilə təltif olunub və fəxri diplom filialın baş həkimi İbadov Samirə təqdim edilib.
TCOD-un Onursal Başqanı Op. Dr. Sunay Duman, TCOD-un Genel Başqanı, prof. Öner Gelişken, TOD-un Genel Başqanı, prof. Ziya Kapran və prof. Suleyman Kaynak Masallı filialının 15 illiyi münasibəti ilə video formatda prof. Elmar Qasımovu və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarını təbrik edib, müvəffəqiyyətlər arzulayıb.
Konfransda t.e.d. Namazova Hicran, t.e.d. Rüstəmova Nazilə, t.e.d. Ağayeva Rəna, AOC-un sədr müavini t.ü.f.d. Abdiyeva Yazgül, AOC-un elmi katibi dr. Nəzərli Ceyhun, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası oftalmologiya şöbəsinin müdiri t.ü.f.d. doss. İsmayılov Qurban, ADMO-nun sədri dr. Əlihüseynli Emin, həmçinin Bakıdan və bir çox regionlardan mütəxəssislər iştirak etdi.
Konfransda dr. İbadov S.Ə. “Katarakta cərrahiyyəsində fəsadlı hallar”, dr. Bayramova H.O. “Buynuz qişa və ön kameranın yad cisimləri ”,dr. Ibrahimova S.N. “Yuvenil qlaukomanın təsnifatı, diaqnostikası və müalicəsi ” t.ü.f.d. Həsənova N.A. “Vaxtından əvvəl doğulmuşlarda katarakta və qlaukoma”, dr. Əsgərov E.F. “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında refraksiya patalogiyası ilə uşaqların müalicəsinin 7 illik nəticələri”, dos. İsmayılov Q.M. “Atipik retrobulbar iltihablara dair (klinik hal)”, t.ü.f.d. Mirişova M.F. "Kataraktanın ekstraksiyası əməliyyatından sonra qalıq refraksiyasının Eksimer lazer korreksiyası", dr. Həsənzadə L.Y. “Uşaq və yeniyetmələrdə refraksiya qüsurları zamanı optikoreflektor məşqlərin effektivliyi”, t.ü.f.d. Balayeva R.N. “Konyunktivanın törəmələrinin klinik xüsusiyyətləri”, prof. Qasımov E.M., t.ü.f.d. Məcidova S.R. “Uveitlərin diaqnostikası və müalicəsində multidissiplinar yanaşmanın əhəmiyyəti”, dr. Sadıqova S.R. “Quru göz sindromunun müalicəsinə müasir yanaşmalar”, dr. Quliyeva D.G. “Quru göz xəstəliyinin etiologiya və müalicəsinin bəzi xüsusiyyətləri”, dr. Hüseynov K.Ə. “Pseudomonas aeruginosa keratitinin müalicəsində gücləndirilmiş antibiotik müalicəsi (klinik hal)”, dr. Həmidov E.E. “Şəki-Zaqatala bölgəsində diabetik retinopatiyanın müalicəsinə dair”, dr. Məmmədova L.A. “Çəpgözlük və müalicə metodları”kimi mövzular müzakirə edildi.